SİMA Portuqaliyada tanıdıldı
AzInTelecom şirkəti Lissabonda keçirilən Web Summit 2026 texnologiya sammitində SİMA Rəqəmsal Həllər Platformasını beynəlxalq auditoriyaya təqdim edib. Tədbir çərçivəsində xarici tərəfdaşlarla əməkdaşlıq və məhsulların yeni bazarlara çıxarılması imkanları müzakirə olunub.
AZCON Holdinqə daxil olan AzInTelecom MMC Portuqaliyanın paytaxtı Lissabonda təşkil edilən Web Summit 2026-da Azərbaycanı təmsil edib. Şirkət İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yaradılan Azərbaycan pavilyonunda öz stendi ilə iştirak edib. Stendə gələn qonaqlara SİMA Rəqəmsal Həllər Platformasının imkanları və məhsulları barədə məlumat verilib. Tədbir zamanı müxtəlif ölkələrin qurumlarının nümayəndələri, investorlar və texnologiya sahəsinin ekspertləri ilə görüşlər keçirilib. SİMA məhsulları üzrə potensial tərəfdaşlıq əlaqələri, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. AzInTelecom-un beynəlxalq sammitdə iştirakı Azərbaycanın rəqəmsal və texnoloji imkanlarını xarici auditoriyaya çatdırmaq, yerli innovativ məhsulların beynəlxalq bazarlara çıxışını araşdırmaq və yeni əməkdaşlıqlar qurmaq məqsədi daşıyıb. Şirkət bu istiqamətdə fəaliyyətini genişləndirərək ölkənin regional rəqəmsal mərkəz kimi mövqeyinin möhkəmlənməsinə töhfə verməyi planlaşdırır. Xatırladaq ki, Web Summit hər il Lissabonda keçirilir. Dünyanın aparıcı texnologiya şirkətlərini, startapları, investorları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirən tədbir qlobal texnologiya sektorunun əsas görüş platformalarından biri hesab olunur. Sammitdə müxtəlif ölkələrdən on minlərlə iştirakçı təmsil olunur.
Şərhlər
Şərh yaz