İnsan beyninin mini modeli robotla birləşdirildi: Nəticə

Ayaz Məmmədli 26.10.2026 2 dəqiqə 122
İnsan beyninin mini modeli robotla birləşdirildi: Nəticə

Tədqiqat gələcəkdə enerji səmərəli biokompüterlərin yaradılmasına töhfə verə bilər.

Bristol Universitetinin alimləri insanın kök hüceyrələrindən laboratoriyada yetişdirilən beyin orqanoidləri vasitəsilə Brayl əlifbasının hərflərini tanıyan sistem sınaqdan keçiriblər. Ölçüsü bir millimetrdən kiçik olan bu neyron qrupları toxunma sensoru ilə təchiz edilmiş robotla birləşdirilib.

Robot qolu Brayl əlifbasının 26 hərfinə beş fərqli basma dərinliyində toxunaraq 1,3 min qeyd toplayıb. Məlumatlar elektrik impulslarına çevrilərək İsveçrədəki FinalSpark startapının laboratoriyasına göndərilib. Orqanoidlərin impulslar qarşısında reaksiyalarını alqoritm təhlil edib.

Bir orqanoiddən alınan siqnallar əsasında hərflərin tanınma dəqiqliyi 61% təşkil edib. Üç orqanoidin siqnalları birləşdirildikdə bu göstərici 83%-ə yüksəlib. Bununla belə, orqanoidlərdən istifadə etməyən alqoritm də 82% dəqiqlik göstərib. Bioloji neyronların əsas üstünlüyü səs-küylü məlumatların emalı zamanı səhvlərin azalmasında müşahidə olunub.

Tədqiqatçılar növbəti mərhələdə müxtəlif səthlərin teksturasını tanımaq kimi toxunma tapşırıqlarını sınaqdan keçirməyi və orqanoidlərin öz cavablarına uyğunlaşa bildiyini yoxlamağı planlaşdırırlar. Araşdırma gələcəkdə enerji sərfiyyatı aşağı olan biokompüterlərin yaradılması üçün yeni imkanlar aça bilər.