Dünyanın ən kiçik film kamerası Ginnesin Rekordlar Kitabına düşdü
Dünyanın ən kiçik film kamerası şüşə linzasız işləyir və görüntüləri foto kağızına köçürür.
Avstraliyalı fotoqraf və incəsənət müəllimi Luke Fazekas dünyanın ən kiçik film kamerası hesab edilən Pocket Obscura-nı hazırlayaraq Ginnesin Rekordlar Kitabına düşüb. Kameranın hazırlanması təxminən bir il çəkib. Fazekas 1900-cü ildə buraxılan Kodak Brownie karton kamerasından ilhamlanıb. Pocket Obscura-da şüşə linza yoxdur. İşıq kiçik dəlikdən daxil olur, çəkiliş isə əl ilə idarə olunan mexaniki çekim vasitəsilə həyata keçirilir. Qurğuda ənənəvi rulon plyonka əvəzinə ölçüyə uyğun kəsilmiş foto kağızından istifadə olunur. Kağız parçaları təhlükəsiz qırmızı işıq altında kameraya yerləşdirilir. Çəkilişdən sonra onlar neqativ kimi işlənir, skan edilir və rəqəmsal üsulla pozitiv təsvirə çevrilir. Kiçik dəlikdən daxil olan işığın miqdarı az olduğundan kamera uzun ekspozisiya tələb edir. Buna görə də Pocket Obscura parlaq açıq hava şəraitində və hərəkətsiz obyektlərin çəkilişində daha yaxşı nəticə verir. Kamerada vizör, fokus və böyütmə funksiyası yoxdur. Əldə edilən fotolar isə yumşaq görüntüsü və gözlənilməz nəticələri ilə seçilir. Fazekasın sözlərinə görə, layihənin ən çətin mərhələsi kameranı hazırlamaq deyil, onun rekord ölçülərini təsdiqlətmək olub. Bu məqsədlə mütəxəssis metroloqun iştirakı ilə ölçmələr aparılıb və müvafiq sənədlərin hazırlanması üç həftə davam edib. Pocket Obscura müəllifin rəsmi saytında 45 Avstraliya dollarına satışa çıxarılıb. Hazırda məhsul anbarda yoxdur. Növbəti partiyanın dekabr ayında satışa təqdim olunması gözlənilir
Şərhlər
Şərh yaz