Daha nazik və yüngül: Huawei-nin yeni qatlanan telefonu — Mate X8

Ayaz Məmmədli 26.11.2026 2 dəqiqə 118
Daha nazik və yüngül: Huawei-nin yeni qatlanan telefonu — Mate X8

Mate X8 qatlanma izi görünməyən ekranı və cəmi 4,2 mm qalınlığında korpusu ilə diqqət çəkir.

Əvvəlki nəsillə müqayisədə dizayn və texniki göstəricilər baxımından yenilənən Mate X8 daha nazik korpusu və təkmilləşdirilmiş ekran mexanizmi ilə seçilir. Cihaz qatlandıqda 8,95 mm, açıldıqda isə cəmi 4,2 mm qalınlığa malikdir. Model Mate X seriyasının indiyədək ən yüngül telefonu hesab olunur. Cihaz üç yeni rəng variantında satışa çıxır. Kamera modulundakı xarici halqa və menteşə hissəsindəki incə xətlər də onun dizaynını əvvəlki Mate X7-dən fərqləndirir.

Smartfonun xarici ekranı 6,54 düym, qatlanan əsas ekranı isə 8,2 düym ölçüsündədir. Hər iki panel 1–120 Hz adaptiv yenilənmə tezliyini və yüksək tezlikli PWM qaralmasını dəstəkləyir.

Modelin əsas yeniliklərindən biri ekrandakı qat izini aradan qaldıran maqnit əsaslı konstruksiyadır. Bu həll menteşənin çərçivə ilə daha yaxşı birləşməsinə imkan verir və ekran səthində qatlanma izinin görünməsinin qarşısını alır.

Parlaqlıq göstəriciləri də diqqət çəkir. Daxili ekranın pik parlaqlığı 1% APL səviyyəsində 8000 nit, 20% APL səviyyəsində isə 4500 nit təşkil edir. Xarici ekran üçün bu göstəricilər müvafiq olaraq 12 000 və 6000 nitdir.

Şərhlər

Şərh yaz