Azərbaycanda TV Box cihazları təhlükə yaradır

Fatimə Ələkbərova 06.11.2026 1 dəqiqə 98
Azərbaycanda TV Box cihazları təhlükə yaradır

Milli Kibertəhlükəsizlik Agentliyi Azərbaycanda satılan bəzi Android TV Box cihazlarında BADBOX 2.0 botnetinə aid zərərli komponentlər aşkarlayıb. Yoluxmuş cihazlar istifadəçinin xəbəri olmadan DDoS hücumlarında istifadə edilə bilər. Agentlik vətəndaşlara mənşəyi məlum olmayan cihazlardan uzaq durmağı tövsiyə edir.

Agentliyin məlumatına görə, cari ilin oktyabrında bir sıra dövlət qurumlarının internet resurslarına qarşı DDoS hücumları qeydə alınıb. Hücum trafikinin bir hissəsi Azərbaycana aid IP ünvanlarından daxil olub və bu ünvanların bəzilərinin yoluxmuş Android TV Box cihazları ilə əlaqəli olduğu müəyyən edilib.

Araşdırma zamanı bəzi cihazların proqram təminatında uzaqdan idarəetməyə imkan verən zərərli komponentlər aşkarlanıb. Bu cihazlar istehsal və ya paylama mərhələsində yoluxa bilər. Nəticədə istifadəçinin xəbəri olmadan kibercinayətkarlar cihazı nəzarətə götürərək onun internet bağlantısından DDoS və digər hücumlarda istifadə edə bilərlər. Zavod parametrlərinə qaytarmaq isə problemi həll etməyə bilər.

MKA vətəndaşlara mənşəyi məlum olmayan cihazları almamağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi və şübhəli cihazları internetdən ayırmağı tövsiyə edir. Təşkilatlara isə belə cihazların əsas şəbəkəyə qoşulmasını məhdudlaşdırmaq və şübhəli bağlantıları izləmək tövsiyə olunur.

Yoluxma və şübhəli fəaliyyət halları barədə Milli CERT-ə məlumat verilməsi istənilir. Təhlil nəticəsində müəyyən edilən indikatorlar Agentliyin İnsident Məlumatlarının Mübadiləsi Platformasına əlavə edilib.