Almaniyada evsizlər üçün günəş enerjili sığınacaqlar yaradılıb

Ayaz Məmmədli 24.11.2026 2 dəqiqə 114
Almaniyada evsizlər üçün günəş enerjili sığınacaqlar yaradılıb

"Ulmer Nest” adlanan layihə ənənəvi gecələmə mərkəzlərindən istifadə edə bilməyən və ya bunu istəməyən insanlar üçün alternativ sığınacaq imkanı yaradır.

Almaniyanın Ulm şəhərində evsiz insanların soyuq havadan qorunması üçün günəş enerjisi ilə işləyən xüsusi yuxu kapsullarından istifadə olunur. 2019-cu ildə fəaliyyətə başlayan, "Ulmer Nest” adlanan layihə çərçivəsində hazırlanan kapsullar möhkəm polad konstruksiyadan və istilik izolyasiyası materiallarından hazırlanıb. Qurğular insanları küləkdən, yağışdan, nəmişlikdən və aşağı temperaturdan qoruyur. Kapsulların damında yerləşən günəş panelləri texniki sistemləri elektrik enerjisi ilə təmin edir. Sensorlar daxili temperaturu və havalandırmanı izləyir. İstifadəçi kapsula daxil olub qapını bağladıqda sosial dəstək xidmətlərinə bildiriş göndərilir. Səhər saatlarında sosial işçilər kapsulun vəziyyətini yoxlayır, gecələyən şəxslə əlaqə saxlayır və ehtiyaclarını müəyyənləşdirirlər. Onlar həmçinin müvəqqəti yerləşdirmə və daimi mənzil əldə etmək imkanları barədə məlumat verirlər. Qeyd edək ki, “Ulmer Nest” daimi yaşayış yeri deyil və ənənəvi sığınacaqları əvəz etmir. Layihənin məqsədi küçədə gecələmək məcburiyyətində qalan insanlara xüsusilə qış aylarında əlavə müdafiə təmin etməkdir.

Şərhlər

Şərh yaz